Bağlantıları keçin

“İstedad sərhədsizdir” sərgisi

Bu gün Azərbaycan Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi keçirilib. Satış sərgisi Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Azərbaycan Milli Xalça Muzeyi tərəfindən təşkil edilib. Məqsəd əlilliyi olan istedadlı gənclərin fəaliyyətini ictimaiyyətə təqdim etmək və əl işlərinin satışına dəstək göstərməkdir. Çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə cəmiyyətin bir hissəsi olan fiziki məhdudiyyətli insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyi xüsusi qeyd olunub.
Sərgidə əl işləri nümayiş olunanlardan biri də gənc rəssam Fuad Musayev olub. Gənc rəssamın əsərləri sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və bir neçəsi satın alınıb. Sərgidən, onun əl işlərinə olan maraqdan razı qalan müəllif satışdan əldə olunan vəsaitin xeyriyyə məqsədilə istifadə ediləcəyini ifadə edib.
Gənc rəssam Fuad Musayev 2001-ci ildə Bakı şəhərində anadan olub. O, ilk təhsilini 2007-ci ildə paytaxtın Xətai rayonunda yerləşən 55 saylı orta məktəbdə alıb. 2015-ci ildə həmin məktəbi əla və yaxşı qiymətlərlə bitirərək Azərbaycan Dövlət İncəsənət Kollecinə daxil olub. İncəsənətə, rəssamlığa olan marağı daha sonra onu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına gətirib. Hazırda Rəssamlıq Akademiyasında təhsil alan Fuad Musayev Xalq rəssamı Arif Hüseynovun tələbəsidir.